“Dəmir yumruq” xalq və ordu birliyinin təcəssümüdür

Bu il dünyanın ən güclü silahlı qüvvələrindən biri kimi qəbul edilən Azərbaycan Ordusu yaranmasının 105-ci ildönümünü qeyd edilir. Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı və yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı.
Ümummilli lider Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu və bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Heç şübhəsiz ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrilmişdi.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir.
2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Müharibə təkcə hərb, güc, döyüş demək deyil, o, həm də zəkaların savaşıdır. Adları dünya hərb tarixinə yazılan sərkərdələr həm də ağlın, sağlam düşüncənin sayəsində döyüş meydanlarını qalib kimi tərk ediblər. Müharibələrin də mərhələləri olur və həlledici döyüşləri, taktiki gedişləri ilə yadda qalır. Elə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qələbəmizi təmin edən "Dəmir yumruq" kimi "Dəmir yumruq" əməliyyatı mütəxəssislər tərəfindən öyrənildikcə, onun üstünlükləri, fərqli cəhətləri daha aydın görünəcək.